Merlərin Razılaşması Ofisi

Avropa Komissiyası tərəfindən yaradılan və maliyyələşdirilən Merlərin Razılaşması Ofisi (The Covenant of Mayors Office (CoMO) bu təşəbbüsün əlaqələndirilməsi və gündəlik idarə olunması üçün cavabdehdir. O, razılaşmanı imzalayanları inzibati dəstək və texniki tövsiyələr ilə təmin edir, Razılaşmanın maraqlı tərəfləri arasında şəbəkənin qurulmasını asanlaşdırır və onların fəaliyyətinin təşviqini təmin edir.

Birgə tədqiqatlar mərkəzi

Birgə tədqiqatlar mərkəzi (BTM - Joint Research Centre (JRC) Avropa Komissiyasının elmi-texniki bölməsidir. Mərkəzin vəzifəsi təşəbbüsə texniki və elmi dəstək göstərməkdir. BTM, Merlərin Razılaşması Ofisi ilə sıx əməkdaşlıqda işləyərək, Merlərin Razılaşması öhdəliklərinin yerinə yetirilməsində Razılaşmanı imzalayanlara yardım edir, eləcə də icranın və nəticələrin monitorinqini aparmaq üçün aydın texniki təlimatlar və şablonlar təmin edir. BTM-nin internet saytı:  http://ec.europa.eu/dgs/jrc/

Razılaşmanın Koordinatorları

Avropa Komissiyası "Razılaşmanın Koordinatorları" anlayışını Merlərin Razılaşmasını imzalayan, lakin onun tələblərini yerinə yetirmək üçün müvafiq bacarıqları və/və ya resursları olmayan bələdiyyələrə strateji rəhbərlik, maliyyə və texniki dəstəyi təmin edən dövlət idarəetmə idarələri kimi müəyyən edir. Razılaşmanın Koordinatorları sub-milli mərkəzləşdirilməmiş orqanlar -o cümlədən, vilayətlər, bölgələr və bələdiyyələrin ictimai qruplaşmaları- eləcə də, məsələn, milli enerji agentlikləri kimi, milli dövlət orqanlarıdır.

Razılaşmanı Dəstəkləyənlər

Avropa Komissiyası "Razılaşmanı Dəstəkləyənlər" anlayışını Merlərin Razılaşması təşəbbüsünü təşviq etmək və onu imzalayanları dəstəkləmək üçün lobbiçilik, kommunikasiya və şəbəkə fəaliyyətlərindən istifadə edən yerli hakimiyyət orqanlarının Avropa, milli və regional şəbəkələr və birlikləri kimi müəyyən edir.

Dəstək xidməti

Dəstək xidməti yerli hakimiyyət orqanları və Merlərin Razılaşması Ofisi arasında ilk vasitəçidir. O, təşəbbüs barədə ümumi və ya texniki sorğulara cavab verir və proses boyu imzalayanlara yardım edir.

Enerji agentlikləri

Yerli və regional enerji agentlikləri (Local and regional energy agencies (LAREAs) enerji idarəetmə sahəsində yaxşı təcrübələrin tətbiqini dəstəkləyir, dayanıqlıq konsepsiyasını təşviq edir, məlumat və təlimatları təmin edir və xüsusi yerli enerji ehtiyacları əsasında bir sıra digər yerli xidmətləri təklif edirlər.

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP -Sustainable Energy Action Plan (SEAP) Razılaşmanı imzalayanların 2020-ci ilədək CO2 azaltma hədəflərinə necə nail olacaqlarını əks etdirən əsas sənəddir. Sənəddə hədəflərə nail olmaq üçün müəyyən edilən fəaliyyət və tədbirlər, vaxt çərçivəsi və təyin edilən vəzifələr müəyyən olunur. DEFP-lər Təşəbbüsə 2016-cı ilin oktyabrdan əvvəl qoşulan Razılaşma imzalayanları tərəfindən hazırlanmışlar.

Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını

Yeni İqlim və Enerji üzrə Merlərin Razılaşmasını imzalayanlar hazırda 2030-cu ilədək iqlim dəyişmələri təsirlərinin yumşaldılması və ona uyğunlaşma ilə bağlı Dayanıqlı Enerji və İqlim Dəyişmələri üzrə Fəaliyyət Planını hazırlamağı və icra etməyi üzərinə götürürlər. Fəaliyyət planı Razılaşmanı imzalayanların öz vizyon və hədəflərinə necə çatacağını göstərən əsas sənəddir. Plan mövcud vəziyyətin qiymətləndirilməsini, yəni, iqlim dəyişmələri təsirlərinin yumşaldılması hissəsi üçün - Baza Emisssiya Kadastrını, uyğunlaşma hissəsi üçün - İqlim Dəyişmələri Risklərinin və Onlara Qarşı Həssaslığın Qiymətləndirilməsini, aydın müəyyən edilmiş məqsədləri və hədəfləri; və vaxt çərçivəsi, müəyyən edilmiş vəzifələr və ehtimal olunan təsirlər daxil olmaqla, planlaşdırılan tədbirləri əhatə edir.

DEFP / DEİFP (SEAP / SECAP) şablonu

Merlərin Razılaşmasının hesabat şablonları imzalayan tərəflər üçün fəaliyyət planlarının əsas elementlərinin yekunlaşdırılması və monitorinq mərhələsində icranın izlənməsi üzrə strukturlşadırılmış formaları təmin edir. İmzalayanlar fəaliyyət planı sənədlərini (öz dillərində) təqdim etdikdə, eyni zamanda Razılaşmanın məhdudlaşdırılmış ‘My Covenant’ (Mənim Razılaşmam) sahəsində yerləşdirilən onlayn şablonu ingilis dilində doldurmalıdırlar. Yalnız bu proses başa çatdıqdan sonra fəaliyyət planının Merlərin Razılaşmasına rəsmi təqdim edilməsi baş tutur.

İcra (monitorinq) hesabatı

İcra (monitorinq) hesabatı Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarını təqdim etdikdən sonra Razılaşmanı imzalayanlar tərəfindən hər iki ildən bir təqdim edilən və planın icrasının aralıq nəticələrini əks etdirən sənəddir. Hesabatın məqsədi ilkin əldə edilən nəticələrin nəzərdə tutulan məqsədlərə uyğun olub-olmamasını qiymətləndirməkdir.

 

Belə hesabata yenilənmiş monitorinq emissiya kadastrı (monitoring emission inventory (MEI) daxil olmalıdır. Yenilənmiş kadastr Baza Emissiya Kadastrı (Benchmark Emission İnventory -BEI) ilə eyni metodlar və məlumat mənbələri əsasında hazırlanır ki, müqayisə təmin edilsin. Lakin, yerli hakimiyyət orqanı belə müntəzəm inventarlaşmanın insan və ya maliyyə resurslarına çox təzyiq göstərdiyini hesab edərsə, o inventarlaşmaların daha böyük intervalla həyata keçirilməsi barədə qərar verə bilər, məsələn, MEI-siz "Fəaliyyət Hesabatını" iki ildən bir (2, 6, 10, 14-cü... illər), MEI ilə "Tam Hesabatı" isə hər 4 ildən bir 4, 8, 12, 16-cı... illər).

 

Fəaliyyət Hesabatı əsasən DEİFP (SECAP) -in həyata keçirilməsinə dair keyfiyyət ilə bağlı məlumatı, o cümlədən, icra zamanı qarşılaşdıqları maneələri, hər tədbirin icra vəziyyətini və s. ehtiva edir. Tam Hesabat, MEI vasitəsilə enerji istehlakı, enerji istehsalı və CO2 emissiyaları baxımından Baza Emissiya Kadastrı ilə müqayisədə təkəmülü təhlil etmək imkanı verir.

Baza Emissiya Kadastrı

Baza Emissiya Kadastrı Razılaşmanı imzalayanların ərazisində baza ilində enerji istehlakı nəticəsində buraxılan CO2 miqdarının qiymətləndirilməsidir. O CO2 emissiyalarının əsas mənbələrini və onların müvafiq azalma potensiallarını müəyyən etməyə imkan verir.

Riskin və həssaslığın qiymətləndirilməsi

Riskin və həssaslığın qiymətləndirilməsi, potensial təhlükələrin təhlili və insanlar, əmlak, yaşayış vasitələri və onların asılı olduğu ətraf mühit üçün potensial təhlükə yarada və ya onlara zərər vura bilən həssaslığın qiymətləndirilməsi vasitəsilə iqlim dəyişmələri ilə bağlı risklərin təbiətini və dərəcəsini müəyyən edən təhlildir. Bu, kritik narahatlıq sahələrini müəyyən etməyə imkan verir və beləliklə qərar qəbul etmək üçün məlumat təmin edir. Riskin və Həssaslığın Qiymətləndirilməsi Baza Emissiya Kadastrı ilə yanaşı Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanması üçün başlanğıc nöqtəsi kimi xidmət edə bilər.

Yerli Enerji Günü

Yerli Enerji Günləri Enerjidən daha səmərəli istifadənin təmin etdiyi imkanlar barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Razılaşmanı imzalayanların rəsmi öhdəlikləri çərçivəsində təşkil etdiyi tədbirlərdir. Onlar yerli hakimiyyət orqanlarına Dayanıqlı Enerji (və İqlim) üzrə Fəaliyyət Planlarının hazırlanması və həyata keçirilməsi ilə bağlı ümumi dialoqa maraqlı tərəfləri və vətəndaşları cəlb etmək imkanı verir. Adətən xüsusi bir müddətdə təşkil edilən (məsələn, Aİ Dayanıqlı Enerji Həftəsi ilə eyni vaxtda), tədbirlərin növü fərqlənə bilər, lakin bir qayda olaraq onlara seminarlar, sərgilər, ekskursiyalar və açıq qapı günləri daxildir. EUSEW haqqında ətraflı məlumat burada: www.eusew.eu.

Vebinar

Vebinar internetdə canlı, interaktiv təqdimat olaraq, Razılaşmanın maraqlı tərəflərinə, o cümlədən, Razılaşmanı İmzalayanlara, Dəstəkləyənlərə və Koordinatorlara, Merlərin Razılaşması Ofisinin üzvlərinin və ya digər ekspertlərin Razılaşma ilə bağlı xüsusi mövzuda mühazirələrində iştirak etmək imkanı verir.

Fərqlənmə Etalonu

Fərqlənmə Etalonu, İmzalayanların, Koordinatorların və Dəstəkləyənlərin xüsusilə qürur duyduqları və hətta digər yerli hakimiyyət orqanlarında, vilayətlər, bölgələr və şəbəkələrdə təkrarlanma üçün faydalı tədbirlər kimi dəstəklədikləri təşəbbüslərin müvafiq nümunələridir.

Tematik seminarlar

Tematik seminarlar iştirakçılar araında təcrübə və bilik mübadiləsini təmin etmək üçün təşkil edilən interaktiv, potensialın gücləndirilməsi sessiyalarıdır. Tematik seminarlar xüsusilə Müzakirə Qruplarına yönəldiləcək.

Tematik Müzakirə Qrupu

Tematik Müzakirə Qrupu Razılaşmanın maraqlı tərəfləri arasında qarşılıqlı əlaqələrin və şəbəkələrin qurulmasının stimullaşdırılmasına yönəldirilən məlumat və təcrübə mübadiləsi xidmətidir. Bu xüsusi hazırlanmış mübadilə platformaları Razılaşmanının maraqlı tərəflərinin əvvəlcədən müəyyən edilən kateqoriyalarını - böyük şəhərləri və şəhər aqlomerasiyalarını; kiçik və orta saylı imzalayan tərəfləri; Razılaşmanın Koordinatorlarını və Razılaşmanı Dəstəkləyənləri- Razılaşma ilə bağlı mövzuları və sualları Merlərin Razılaşması Ofisi tərəfindən xüsusilə təşkil edilən tədbirlər, on-layn forumlar və vebinarlar zamanı həmkarları ilə müzakirə etmək üçün bir araya gətirir.

Bələdiyyə İnkişafının Koordinasiya Platformaları

Bələdiyyə İnkişafının Koordinasiya Platformaları (BİKP) (Municipal Development Coordination Platforms (MDCP) və ya Milli Merlərin Razılaşması Klubları dayanıqlı enerji və iqlim üzrə bələdiyyə inkişaf strategiyalarının hazırlanması, həyata keçirilməsi və maliyyələşdirilməsində imzalayan tərəfləri dəstəkləmək üçün səlahiyyəti və imkanları olan Razılaşmanı imzayanları və bütün əsas iştirakçıları (Koordinatorları, Dəstəkləyənləri, Aİ Nümayəndiklərini, milli və regional orqanları, özəl sektor donorlarını) bir araya gətirmək məqsədilə ŞT ölkələrinin hər birində yaradılan müzakirə platformalarıdır. Platformaların əsas məqsədi əsas maraqlı tərəfləri cəlb edərək yerli-milli inkişaf üzrə siyasi dialoq qurmaq, Fəaliyyət Planlarının reallaşması üçün əsas maneələri və hərəkətverici qüvvələri müəyyən etmək, eləcə də müəyyən edilmiş maneələrin aradan qaldırılmasını və dayanıqlı enerji və iqlim investisiyalarının hərəkətverici qüvvələrinin gücləndirilməsini təmin edən strateji tövsiyələri hazırlamaqdır. Platformalar həmçinin biliklərin ötürülməsinə və müxtəlif dəstək alətlərinin və məlumatlandırma tədbirlərinin daha səmərəli planlaşdırılmasına kömək edəcəkdir.

Bültenimize abunə olun