MyCovenant platformasında Şərq Tərəfdaşlığı regionunda olan Merlər Razılaşması imzaçıları üçün Enerji Əlçatanlığı və Enerji Yoxsulluğu sütunu üzrə hesabat tələbləri
Şərq Tərəfdaşlığı regionunda Merlər Razılaşmasının hörmətli imzaçıları!
Enerji Əlçatanlığı və Enerji Yoxsulluğu (EY) sütunu üzrə hesabatların təqdim edilməsi üçün, Hesabatvermənin Ümumi Çərçivəsinin (Common Reporting Framework, CRF) tələblərinə uyğunluğun təmin olunmasına yönəlmiş aşağıdakı tələbləri nəzərinizə çatdırırıq.
CRF 2018-ci ildə istifadəyə verilmiş standartlaşdırılmış hesabat tələbləri toplusudur və şəhərlərin iqlim fəaliyyəti üzrə planlaşdırma, monitorinq və hesabatlılığı sadələşdirmək üçün hazırlanıb. Bu çərçivə regionlar üzrə hesabatlılığı harmonizasiya edir və İQ (İstixana Qazı) emissiyalarını, iqlim risklərini, eləcə də enerji əlçatanlığını əhatə edir.
Tələblər
2025-ci ilin yanvarından sonra ümumi tələb ondan ibarətdir ki, hesabat təqdim edən bütün imzaçılar (istər SECAP, istərsə də təsdiqlənmiş SECAP üzrə monitorinq hesabatı) enerji yoxsulluğu (EY) sütunu üzrə məlumat verməlidirlər.
Buna uyğun olaraq, müəyyən müddət ərzində MR-Şərq imzaçılarının hamısı azaldılma və uyğunlaşma tədbirləri ilə yanaşı, fəaliyyət planlarına EY komponentini də daxil etməlidirlər.
Qoşulma formalarında EY ilə mübarizə öhdəliyi götürmüş yeni imzaçılar bu öhdəliyi EY sütununu birbaşa SECAP-larına və sonrakı monitorinq hesabatlarına inteqrasiya etməklə yerinə yetirəcəklər.
MR-Şərq-ə daha əvvəl qoşulmuş, qoşulma formalarında EY ilə bağlı öhdəlik götürməmiş və SECAP-ları təqdim edilərək qəbul olunmuş imzaçılar isə bu sütunu tədricən MyCovenant platformasındakı monitorinq hesabatı şablonları vasitəsilə inteqrasiya etməlidirlər.
Aşağıda yuxarıda qeyd olunanların daha detallı izahı verilir.
2022-ci ildən sonra Razılaşmaya qoşulan və Qoşulma Formasını EY ilə mübarizə öhdəliyi ilə imzalayan imzaçılar:
- Bu qrup imzaçılar SECAP sənədini və onlayn şablonu EY komponenti daxil olmaqla təqdim etməlidir.
- MyCovenant platforması vasitəsilə fəaliyyət planı təqdim edərkən imzaçılar aşağıdakıları etməlidirlər:
– EY məqsədini müəyyən etmək (baza ili və hədəf ili daxil olmaqla), enerji əlçatanlığı inventarı üzrə vahid seçmək və
– “Əlçatanlıq (Affordability)” atributu üzrə regionumuz üçün məcburi olan “Şəhər sərhədləri daxilində enerji yoxsulluğu ilə üzləşən ev təsərrüfatlarının və ya əhalinin faizi” indikatoru üçün dəyər qeyd etmək.
Bu indikator məcburi sahə kimi yaşıl rənglə vurğulanacaq. Əgər məcburi indikator üzrə məlumat mövcud deyilsə, imzaçı həmin atribut daxilində başqa bir indikator seçə bilər və məcburi sahələri “N/A” kimi qeyd edə bilər.
- Eyni qaydada, enerji əlçatanlığı və enerji yoxsulluğu üzrə tədbirlərlə bağlı məlumatlar MY ACTIONS bölməsində müvafiq cədvəldə əks etdirilməlidir.
- Eyni prosedur Monitorinq Hesabatlarına da aiddir. Burada EY ilə mübarizə tədbirləri üzrə fəaliyyətlər barədə məlumat verilməlidir
Qoşulma formalarını enerji yoxsulluğu ilə mübarizəyə istinad olmadan imzalayan bütün digər imzaçılar:
- Əgər hər hansı səbəbdən bu qrupun imzaçıları hələ SECAP təqdim etməyiblərsə, onların fəaliyyət planlarında həm kağız nüsxədə, həm də onlayn təqdimatda yuxarıda təsvir olunduğu kimi EY komponenti yer almalıdır. Eyni yanaşma monitorinq hesabatlarına da şamil edilir.
- Əgər imzaçılar artıq EY sütunu əks olunmayan SECAP-lar təqdim ediblərsə, bu sütun MyCovenant platformasının monitorinq hesabatı şablonunda əks etdirilməlidir. Bunun üçün onlayn monitorinq hesabatı şablonunu doldurarkən imzaçı MYSTRATEGY, MY INVENTORIES bölmələrində “Energy Access” ilə bağlı müvafiq məcburi sahələri, həmçinin MY ACTIONS bölməsində “Energy access and energy poverty actions” hissəsini də doldurmalıdır (yuxarıda izah edildiyi kimi)
Sonuncu məqama dair aşağıdakı vacib aydınlaşdırma zəruridir. Fəaliyyət planlarında EY-yə istinad olmayan imzaçıların böyük ehtimalla enerji yoxsulluğu ilə mübarizə tədbirləri həyata keçirmədiklərinə görə, bu komponent üzrə monitorinq hesabatı təqdim etmək imkanları olmayacaq (EY ilə bağlı tədbirlər planlaşdırılmadığından, tədbirlər icra edilməyib və nəticələr monitorinq olunub hesabatlandırıla bilməz).
Bu səbəbdən, Birgə Tədqiqat Mərkəzi (Joint Research Centre) hesab edir ki, imzaçılar monitorinq hesabatında EY barədə məlumatı əks etdirməklə və EY ilə mübarizə tədbirlərini sadalamaqla icranı hesabatlandırmırlar, əksinə EY sütununu SECAP-a inteqrasiya edirlər. Başqa sözlə, azaldılma və uyğunlaşma ilə bağlı məlumatlar həmin tədbirlərin icrasının monitorinqi kimi qiymətləndiriləcək, EY ilə bağlı məlumatlar isə EY üzrə baza məlumatı və təklif olunan (hələ icra olunmamış) tədbirlər kimi qəbul ediləcək.
Bu yanaşma SECAP-ın yenidən baxılması, yenidən təsdiqi və ya yenidən təqdim edilməsinə ehtiyac olmadan EY sütununu onlayn platformaya inteqrasiya etməyin asan yoludur.
Bununla belə, bələdiyyələrdən gözlənilir ki, SECAP sənədini EY sütununun təhlili ilə tamamlasınlar.